“Laçın dəhlizini dərhal bağlamalıyıq”

Baxış: 18



 

"Televiziya kanallarımızdan biri müharibəyə qədər xəbərlər proqramına təxminən bu sitatla başlayardı ki, dünya hələ də BMT qətnamələrinin Azərbaycan torpaqlarının işğaldan azad olunmasıyla bağlı qətnamələrin yerinə yetirilməməsinə seyrçi qalır. Bu sitatı hazırda bu şəkildə dəyişdirməyə ehtiyac var: Dünya Azərbaycan vətəndaşlarının minalarda partlamasına seyrçi qalır. Müharibədən keçən günlərdə minaların partlaması nəticəsində onlarla vətəndaşımızı itirmişik".
AzeriXalq.az xəbər verir ki, xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu Kəlbəcərdə jurnalistlərin və mülki şəxslərin minaya düşərək həlak olmasını şərh edərkən bildirib.
Politoloqun sözlərinə görə, Ermənistanın ağası Rusiyaya gur səslə deməliyik ki, Ermənistandan minalanmış ərazilərin xəritələrini tələb etsin.
"Moskvada sərhəd məsələsinə dair üçtərəfli görüş keçirdilər. Moskva zəhmət çəksin bir dəfə də görüşü minalanmış ərazilərə həsr etsin. Erməni hərbçiləri həmin minaların əksəriyyətini müharibədə məğlub olduqlarını anladıqdan sonra harda gəldi düzüblər. Bəlkə də buna görə 10 noyabr bəyanatının əksinə olaraq Ağdam və Kəlbəcərin geri qaytarılmasını təxminən bir ay yubatdılar ki, ərazini boşaldarkən bölgəyə minaları döşəsinlər” - deyə, ekspert vurğulayıb.
E. Şahinoğlu ermənilərin indi də Azərbaycan torpaqlarına minalar döşəmək üçün diversantlar göndərdiyini xatırladır. Eyni zamanda Qarabağdakı separatçıların da bu istiqamətdə “fəaliyyətlərinin” ola biləcəyini istisna etmir.
E. Şahinoğlu deyir ki, minaların partlaması bizə hər iki istiqamətdə ermənilərin qarşısını almaq üçün hərəkətə keçməyə imkan yaradır: "Sərhəddi (bu sıraya Laçın üzərindən sərhəddin qapadılması da daxildir) qapatmalıyıq ki, diversantlar Azərbaycan tərəfə keçə bilməsinlər, Qarabağdakı separatçıları da tərksilah etməliyik ki, yolları və meşələri minalaya bilməsinlər. Gözləmək olmaz. Gözlədikcə minalarda həlak olan vətəndaşlarımızın sayı artacaq. Onlar Azərbaycan torpaqlarına minalar döşəyə bilirlərsə, bizə niyə Ermənistan ərazisini minalamayaq?" (Yeni Sabah)

Saytdakı materiallardan istifadə zamanı istinad mütləqdir!