"Qədir müəllimə qədər səsini çıxarmayıb, dünyasını dəyişəndən sonra çıxıb ortalığa ki..."

Baxış: 25

Xalq artisti Qədir Rüstəmovun xanımı Fatma Rüstəmova Moderator.az-ın suallarını cavablandırıb.

-Fatma xanım, öncə sizi salamlayıram. Necəsiz?

-Çox sağ olun! Allaha şükür yaxşıyıq, sevincli günlər yaşayırıq.

-Bu günlərdə Şuşada Xarıbülbül festivalı keçirildi. Qədir Rüstəmov işğaldan öncə həmin festivalda çıxış edən sənətkarlardandır. Yəqin ki, festivalı izləyərkən ürəyinizdən "kaş Qədir sağ olardı, bu günləri görərdi" deyə bir hiss keçirdiniz. Yəqin ki, bu həm də onun ən böyük arzusu idi?

-Çox sağ olun ki, belə bir ərəfədə Qədir müəllimi yad etmisiz, Allah sizdən razı olsun. O elə bir sənətkardır ki, hər bir zaman yaşayacaq. Bilirsiz ki, Qədir Rüstəmov Qarabağ həsrəti ilə dünyadan köçdü. Yoxsa yaşayacaqdı, çünki çox həyatsevər və pozitiv biri idi, ruhu hər zaman göylərdə uçurdu. Qarabağın hər tərəfini qarış-qarış gəzərək, ruh alıb oxuyurdu. Qarabağ işğal olunandan sonra tək-tük oxudu, o da məcburiyyət qarşısında qalaraq. Səhv etmirəmsə 1-ci Xarıbülbül festivalı 1988-ci ildə Şuşada, Cıdır düzündə keçirilmişdi, hətta o vaxt dövlət televiziyası həmin çəkilişi yayımlamışdı da. 2-ci festival da Ağdamda, İmarətdə keçirildi. İmarət bizim Ağdamdakı evimizə yaxındır. Yadımdadır, Qədir uşaqları da aparıb getmişdi, mən də elə həyətdə oturub festivala qulaq asırdım. İllər sonra Şuşada, Cıdır düzündə həmin festivalın keçirilməsi böyük bir hadisə idi. Prezident orada kövrələndə mən də evdə ağlayırdım. İndi də danışıram, qəhər məni boğur. Dünənə qədər Şuşanın adı gələndə, 8 may gələndə ürəyimizdən qara qanlar axırdı. Biz Qarabağın tacını itirmişdik. Amma indi bizim sevincimizin həddi-hüdudu yoxdur, dünyada heçnə bizi bu qədər sevindirə bilməz. Festivalı izləyəndə deyirdim ki, kaş Qədir sağ olardı, bu günləri görərdi. Onu da mütləq fəxri qonaq qismində dəvət edərdilər. Allah prezidentimizə, birinci xanımımıza uzun ömür, can sağlığı versin ki, bu günləri bizə yaşatdılar.

-Qədir müəllim həmin festivallardan nə danışırdı, hisslərini sizinlə necə bölüşürdü?

-Qədir müəllimin əsli Şuşalıdır, o vaxt erməni-müsəlman davası olanda ailəsi oradan köçüb və Qədir müəllim də Ağdamda anadan olub. O vaxt Festival keçiriləndə Qədir müəllim elə sevinirdi ki, bunu sözlə ifadə edə bilmərəm. Həmin festivalda uşaqlardan ibarət "Qarabağ bülbülləri" qrupu da iştirak etmişdi. Gəlib evdə danışırdı ki, Qarabağ bülbülləri elə gözəl Bayatı şiraz ifa etdilər ki. Çox xoşuna gəlmişdi, deyirdi ki, Qarabağda gör necə uşaqlar böyüyür, onların axırı bilirsən hara gedib çıxacaq? Hər dəfə danışanda da gözü yaşarırdı. Çünki özü uşaqlıqda oxumağa başlayanda çox çətinlik çəkib, atası müharibədən yaralı gəlib, ona diqqət edən olmayıb.

-Sənət dostları, yoldaşları Qədir Rüstəmovun ailəsini bu gün yada salıb, axtarırlarmı?

-Öncə onu deyim ki, biz hər zaman dövlətin qayğısını hiss etmişik. Hələ sağlığında ulu öndər Heydər Əliyev onu qəbul edib, tövsiyyələrini bildirmişdi. Heydər Əliyev həmişə deyirdi ki, Qədir, sən oxu, səsindən istifadə et. Biz Qarabağı azad edəcəyik, amma sənin səsin yaşa dolduqca zəifləyəcək, vaxtında istifadə et, zapislər yazdır. Heydər Əliyev Qədir müəllimi Şöhrət ordeni və təqaüdlə təltif edərək, ona maşın bağışlamışdı. Daha sonra cənab prezidentimiz də bizə ev bağışladı, Mehriban Əliyeva onu Heydər Əliyev fondunun fəxri təqaüdü ilə təltif etdi. Qaldı ki, sənət yoldaşlarına. Hansılar ki, hər zaman onunla yaxın dostluq münasibətində idilər, hər zaman zəng edib bizim ailə ilə maraqlanırlar. Mənsum İbrahimov, Təyyar Bayramov keçən il Ağdamdakı muğam mərkəzində Qədir müəllimin 85 illik yubileyini keçirdilər. Onların hər birinə təşəkkürümü bildirirəm.

-Qədir Rüstəmova heç vəfasız çıxanlar olmadı?

-Qədir müəllimin vaxtında kiminlə münasibətimiz var idisə, ondan sonra da həmin münasibətləri qoruyub saxlamışıq. Oğlanlarıma toy etdim, hər biri böyük məmnuniyyət hissi ilə gəlib iştirak etdilər. İstər gənc xanəndələr, istərsə də qocaman sənətkarlar. Qədir müəllimi sevməyənlər çox az, sevənlər isə lap çox idi. Çünki sadə insan idi, inanın ki, öz sənətindən başqa heç bir işlə məşğul olmayıb. Öz səsi ilə, boğazı ilə halal çörəyini qazanırdı.

-Qədir Rüstəmovu kimlər toya dəvət edirdi?

-Qədir müəllim xalqın adamı idi, kimliyindən asılı olmayaraq onu hamı toya çağırırdı və hər kəsin də toyunda cani könüldən iştirak edirdi. Böyük nazirlərdən tutmuş, ən sadə insana qədər. Heç vaxt insanlar arasında fərq qoymazdı, imkansız ailələrdən pul götürməzdi. Elə məhz bu xüsusiyyətlərinə görə də Fövqəlada Hallar naziri Kəmaləddin Heydərov bizə hər zaman dayaq, dəstək olur, kömək edir. Oğlanlarımın hər ikisini işlə təmin edib, hər vaxt problemimizlə maraqlanır. Allah onun timsalında bizə təmənnasız yaxşılıq edənləri qorusun. İki oğul, bir qız övladım var, hamısından da çox razıyam.

-Fatma xanım, bir neçə il bundan əvvəl bir xanəndə Qədir Rüstəmovun oğlu olduğunu bildirmişdi. Bu həqiqət idi?

-Onlar sənət insanı olub, hər yerdə gəzib-dolaşıblar. Mən də eşitmişəm ki, belə bir xanəndə özünü Qədir Rüstəmovun oğlu kimi təqdim edib. Getsin oxusun, Qədir müəllimin adını yaşatsın, burda nə var ki? Bir dəfə mənə bu sualı ünvanlayanda dedim ki, varsa bu gündən sonra qoy daha da çox olsun (gülür). Qədir müəllimə qədər səsini çıxarmayıb, dünyasını dəyişəndən sonra çıxıb ortalığa. Onun ailəsi bizik və 3 övladı var.

-Övladlarınızın atasının yolunu davam etdirməyini istəyirdiniz?

-Qədir çox çətinlik çəkdiyi üçün heç vaxt övladlarının bu sənətdə olmasını istəməyib. Ona vaxtilə Xan, Seyid Şuşinski dayaq durub, toylarda oxudublar. Xan əmini maşında gəzdirirdi, ona tənbəki alıb aparırdı. Qəlyan çəkən idi. İlk qəlyanı da Qədirə o verib. 1961-ci ildə isə ilk dəfə Qədirə qavalı Xan əmi bağışlayıb. O qavalı, Şöhrət ordenini və bir neçə şəxsi əşyasını mən muzeyə bağışlamışam. Sağlıq olsun Ağdama gedək, orada Qədir müəllimin ev muzeyini tikdirəcəyəm. Əsas əşyalarının hər birini də neçə illərdir məhz o məqsədlə əzizləyib, saxlamışam.

-Sənətkarı sonuncu dəfə nə vaxt yuxunuzda görmüsüz?

-Müharibə başlamazdan 1-2 ay öncə yuxumda gördüm ki, Qədir müəllim qarşıma bir nərdivan gətirib qoyur və deyir ki, bu evi yenidən təmir etmək lazımdır. O Ağdamda 8 otaqlı ev tikdirmişdi. Ağdam işğaldan azad olunan gün noyabrın 20-si də Qədir müəllimin doğum günü idi. Təsəvvür edin ki, ailəmiz necə həyəcan keçirib, sevinirdi. Oğlanlarımı da vətənpərvər ruhda böyütmüşəm, müharibə başlayanda hər ikisi orduya könüllü yazıldı, dəfələrlə cəbhəyə maddi yardım apardılar. Ağdam alınan günü 200 nəfərlik ailəyə qurban payı payladılar. O qədər sevinirdik ki. Ağdam bizim Məkkəmiz, Mədinəmizdir. Kaş Qədir sağ olardı, bu günləri görərdi.

-Bir vəsiyyəti olmuşdu?

-Xeyr, o heç vaxt fikirləşmirdi ki, öləcək. Deyirdi ki, mən yaşayacağam və Ağdamın işğaldan azad edilməsini görəcəyəm. Elə hey deyirdi ki, Heydər Əliyev mənə söz verib ki, bir qarış torpağımız da ermənilərdə qalmayacaq. Ümummilli lider Heydər Əliyev dünyasını dəyişəndə dedi ki, eybi yox, torpağlarımızı İlham Əliyev alar. Xəstələnəndə onu dövlət Türkiyəyə göndərdi. Yanındakılar deyirdi ki, ancaq Ağdamdan, uşaqlıqından, ata-anasından danışır. Dünyasını dəyişdiyi günə qədər cəbhə bölgələrində oldu, əsgərlərimizin toyunu oxuyub gəldi. Hamını ruhlandırırdı, amma dərdi ürəyində çəkirdi. Elə dərd də onu birdəfəlik o biri dünyaya apardı.

Saytdakı materiallardan istifadə zamanı istinad mütləqdir!