“Cənub Qaz Dəhlizi” Şimali Makedoniya üçün qaz tədarükü mənbəyini təmin edir - Nazir - MÜSAHİBƏ

Baxış: 43




AzeriXalq.az  Trend BİA-nın Şimali Makedoniyanın iqtisadiyyat naziri Kreşnik Bekteşi ilə özəl müsahibəsini təqdim edir
Şimali Makedoniyanın "Cənub Qaz Dəhlizi"nə qoşulması barədə
Nazir bildirib ki, Şimali Makedoniya Yunanıstanla interkonnektor vasitəsilə Azərbaycan qazına çıxış əldə edəcək:
"Bu layihə Enerji İttifaqının son iclasında 2020-ci il üçün maraq kəsb edən layihələr siyahısına daxil edilmişdi. Bu, ölkənin şaxələndirilmiş mənbələrdən təbii qazla təmin olunması üçün Yunanıstan və "Cənub Qaz Dəhlizi" ilə interkonnektorun yaradılmasını nəzərdə tutur. Şimali Makedoniyanın "NER AD Skopje" və Yunanıstanın təbii qaz nəqli sisteminin operatoru olan "DESFA SA" şirkətləri arasında iş davam edir".
Onun sözlərinə görə, Şimali Makedoniya hökumətinin prioritetlərindən biri milli qazötürücü sisteminin tikintisi, onun regional qaz kəmərlərinə qoşulması və qaz paylama sistemlərinin yaradılmasıdır:
"Təbii qaz çox faydalı yanacaqdır, çünki ev təsərrüfatında, sənayedə, nəqliyyat sahəsində, elektrik enerjisi və istilik istehsalında istifadə olunur. Qazlaşdırma iqtisadiyyat üçün vacib əhəmiyyət daşıyır və həm vətəndaşlara, həm şirkətlərə, həm ətraf mühitə və ümumilikdə cəmiyyət üçün faydalıdır".
Layihənin maliyyələşdirilməsi
Avropa İnvestisiya Bankı yaxın zamanlarda "Cənub Qaz Dəhlizi"nə qoşulma ilə bağlı Şimali Makedoniyada layihə üzrə qərar verəcək.
Nazir bildirib ki, baza layihəsi hazırda yekun mərhələdədir. 2021-ci ilin birinci rübündə layihənin başa çatması gözlənilir və bundan tikinti icazəsinin alınması üçün müraciət olunacaq:
"Tikintinin maliyyələşdirilməsinə gəldikdə, biz gözləyirik ki, Avropa İnvestisiya Bankı bu məsələ ilə bağlı mart ayında yekun qərar verəcək və bundan sonra kredit alma proseduru başlayacaq. Layihənin 20 faizi Qərbi Balkan İnvestisiya strukturunun razılaşdırdığı infrastruktur layihələrinin birgə maliyyələşdirilməsi üçün vəsaitin hesabına maliyyələşdiriləcək".
O əlavə edib ki, tikinti işləri üzrə podratçıların 2021-ci ilin sonunadək seçilməsi planlaşdırılır
Ticari-iqtisadi əməkdaşlıq barədə yeni saziş
Nazir qeyd edib ki, Şimali Makedoniya və Azərbaycan ikitərəfli Ticari-iqtisadi əməkdaşlıq barədə Saziş üzrə danışıqlar aparır:
"İki ölkə arasında diplomatik münasibətlər 1995-ci il iyunun 28-də qurulub. Diplomatik baxımdan ölkələr ticari-iqtisadi əməkdaşlığın inkişafı üçün əlverişli şəraitin yaradılmasına çalışıb. Hazırda ikitərəfli Ticari-iqtisadi əməkdaşlıq barədə Saziş üzrə danışıqlar aparılır. Bu sənəd iqtisadiyyatın bir çox sahələrini əhatə edir. Yeni potensial ixrac istiqamətlərinin müəyyənləşdirilməsi, yeni bazarların tədqiq olunması, texnologiyaların ötürülməsi, kimya və neft-kimya sənayesində istehsal və emal, eləcə də ətraf mühitin müdafiəsi və tullantıların idarə olunması sahələrində layihələrin hazırlanması bu sazişin əsas mövzularıdır".
K.Bekteşi qeyd edib ki, Şimali Makedoniya Azərbaycanı tamhüquqlu üzv qismində Ümumdünya Ticarət Təşkilatına daxil olması məsələsində qətiyyətlə dəstəkləyir. Bu təşkilat çərçivəsində hər iki ölkə ticarət imkanlarını genişləndirə bilər:
"Bu, Şimali Makedoniya ilə Azərbaycan arasında ticarət dövriyyəsinə təkan verəcək. Son illərdə bu göstərici yüksək olmayıb - 2018-ci ildə ticarət dövriyyəsi 392 min dollar, 2019-cu ildə 803 min dollar, 2020-ci ildə isə 567 min dollar təşkil edib. Tütün Şimali Makedoniyadan Azərbaycana ixrac olunan yeganə məhsuldur".
Əməkdaşlıq üçün ən məhsuldar sahələr
Nazir bildirib ki, ölkələr arasında əməkdaşlıq üçün ən məhsuldar sahələr energetika və turizmdir.
Onun sözlərinə görə, hər iki ölkənin əsas məqsədi ikitərəfli münasibətlərin inkişafında kiçik və orta müəssisələrin iştirakına və azad iqtisadi zonalarda investisiya imkanlarının inkişafına kömək göstərməkdir:
"İqtisadiyyat naziri olaraq hesab edirəm ki, energetika və turizm əməkdaşlıq üçün məhsuldar sahələrdir. Turizmlə bağlı hər iki ölkənin XİN-ləri arasında vizasız rejim barədə razılıq mövcuddur. Turizm müəssisələri, eləcə də turizm operatorları arasında təmasları inkişaf etdirmək, ölkələrin imkanları ilə tanış olmaq lazımdır. Buna birbaşa investisiyalar və turizm sahəsində birgə müəssisələr yaratmaq hesabına nail olmaq olar. Turistik istiqamətləri birləşdirəcək çarter xəttinin yaradılması bu sahədə münasibətlərin inkişafına xidmət edəcək".
Nazir hesab edir ki, energetika irimiqyaslı infrastruktur layihələrinə investisiya tendensiyalarını izləmək üçün vacib sektordur:
"Şimali Makedoniyadakı son layihələrdən biri şəbəkələrarası xətlərə qoşulacaq olan qaz kəməridir. Geosiyasi baxımdan vacib olan "Cənub Qaz Dəhlizi"nin tikintisinin başa çatması Şimali Makedoniya üçün qaz tədarükü mənbəyini təmin edir".
K.Bekteşi əlavə edib ki, Şimali Makedoniya azərbaycanlı investorlar üçün cəlbedici ölkə ola bilər:
"Şimali Makedoniyada çox əlverişli biznes mühiti mövcuddur. Dünya Bankının 2019-cu il üzrə "Doing Business" hesabatına əsasən, ölkə biznesin aparılmasına görə 10-cu yerdə qərarlaşıb".

Saytdakı materiallardan istifadə zamanı istinad mütləqdir!