İlahə Fədanın Laçın ağrısı - Dedim ki, bir az da döz, qətiyyən burda gözünü yumma - FOTO

Baxış: 190




Hər kəsin musiqi zövqü fərqli olsa da, yəqin ki, ən gözəl şərqi və nəğmələrin Laçına həsr olunması fikri ilə razılaşmayan tapılmaz. Hələ laçınlıların isti avazında, şirin boğazlarında səslənən vətən həsrətini demirəm...
AzeriXalq.az bildirir ki, Laçının Alxaslı kəndində göz açan, orada boya-başa çatan, lakin ömrünün ən laçın çağlarınızı Laçınsız keçirən İlahə Fəda xatirələrini publika.az-la bölüşüb.
- İlahə xanım, vətən həsrətinin bitməsi sizin üçün nə deməkdir?
- Qarışıq duyğular içindəyəm, bilmirəm ki, gülüm, ya ağlayım. Əslində sevincliyəm, qürurluyam. Allah ordumuzu qorusun, Prezidentimizə can sağlığı versin, şəhidlərin qarşısında baş əyirəm ki, bu sevinci bizə yaşatdılar. Şəhidlərimizə yanmamaq mümkün deyil, bir gözümüz ağlayır, biz gözümüz gülür... İnanın ki, müharibə başlayan gündən gecəmiz-gündüzümüz yoxdur.
- Bu tarixi hadisənin şahidi olacağınıza inam var idi?
- Tərəzi bürcü olduğum üçün həmişə ədalətin tərəfindəyəm. Bilirdim ki, nə vaxtsa o torpaqlara geri dönəcəyik, o torpaqlar bizimdir. Ordumuza da, Prezidentimizə də güvənirdim, amma belə tez baş verəcəyini yatsam, heç yuxumda da görməzdim. Bütün bu uğurlar Ali Baş Komandanın neçə illərdir apardığı düşünülmüş siyasi strategiya və çaba, eyni zamanda rəşadətli ordumuzun sayəsində əldə olundu.
Çox səmimi etiraf edəcəm. Günlərdir ki, yuxudan oyananda ağlıma ilk Qarabağı almağımız gəlir. Şükranlıq hissi ilə oyanıram ki, bu, yuxu deyil, Laçını almışıq, qayıdacam öz elimə-obama...
- Yuxu demişkən, bu illər ərzində Laçını yuxularınızda necə görürdünüz?
- Xüsusilə son illərdə kəndimiz yuxularıma daha çox girirdi. Bəlkə də yaşdan asılıdır, insan yaşa dolduqca torpağa daha çox bağlı olur. Ümumiyyətlə, Laçın heç vaxt ağlımdan çıxmırdı, həsrəti həmişə fikrimdə, ürəyimdə və çörəyimdə idi, sinif yoldaşlarım və qohumlarım arasında kəndimizdə ümumilikdə 14 şəhidimiz var. Hər il onların ad günləri və yas mərasimləri keçirilirdi.
Çox sevdiyim, məni böyüdən nənə-babamın qəbri Laçının Alxaslı kəndindədir. Bundan belə Laçını yuxumda görmək istəmirəm, Laçınımızı həyatda görmək arzusundayam. Çox sevinirəm ki, o mənə qismət olacaq.
- Ağdam, Cəbrayıl, Füzuli şəhərlərini ermənilər yerlə-yeksan edib. Laçını tərk etməzdən əvvəl vandal ermənilər meşələrimizə və evlərimizə od vurub. Alxaslı kəndində vəziyyət necədir, proqramlar vasitəsilə izləyə bilmisiniz?
- Kəndimizdə iki-üç erməni yaşayırdı, onlardan başqa qalan bütün evlər viran edilib, dağıdıb söküblər... Çox güman ki, başqa kəndlərdə də öz vandallıqlarını nümayiş etdiriblər.
- Laçını görməyə tələsirsiniz və bu sizin ən müqəddəs haqqınızdır...
- Ağlım kəsəndən ürəyim Laçına qayıtmaq və orada yaşamaq üçün çırpınır. Əlbəttə ki, öz kəndimdə yaşayacam, bir ocağım, yurdum olacaq, torpağım olacaq. Amma Bakıya da yayda bir aylıq dənizə gələcəm (gülür).
- Bütün rayonlarımız əzizdir, amma ən gözəl mahnılar deyəsən elə Laçın haqqındadır. Laçın digər rayonlarımızdan hansı xüsusiyyətlərinə görə fərqlənir?
- Azərbaycanı bütöv sevən insanam, çox vətənpərvər böyümüşəm. Ayırmıram, ölkəmizin hər qarışı gözəldir, amma Laçının bir neçə özəlliyinin olması doğrudur. Laçın dedikdə onu bir dəfə görən insanın gözünün qabağında insanı heyran edən gözəl bir mənzərə canlanır. Dağlar qoynunda yerləşir, öz gözəlliyi ilə aləmə meydan oxuyur, hər daşında bir sirr yatır. Laçın da Şuşa kimi mühüm hərbi-strateji əhəmiyyətə malikdir. Həm də təbiəti çox möhtəşəmdir, onun Həkəri çayı, İşıqlı dağı... Rayon ərazisi mineral bulaqlar, həmçinin qızıl, civə, kükürd, qrafit, əhəng daşı, kəhrəba, vulkanik tuf daşları, mərmər, ipək daşı və s. kimi faydalı qazıntılarla zəngindir.
Kəndimiz Əzgilli dağının ətəyində yerləşir, o vaxt ikimərtəbəli evimiz var idi. İkinci mərtəbədə evimizin mənzərəsi Əzgilli dağına açılırdı, səhərlər duman həmişə dağın ortasından keçirdi. Axan çayın şırıltısı ilə oyanırdıq, gecə yatanda onun zümzüməsi ilə yuxuya gedirdik. Bunları düşünmək insanı göynədirdi, Allah heç kimə vətən həsrəti göstərməsin. Əzizini, doğmasını, anasını və ya atasını itirən insan bununla barışa bilir, çünki bu, həyatın qanunudur, amma torpaq həsrəti ilə heç vaxt barışmaq olmur, ürəyi həmişə göynəyir... Çox xoşbəxtəm ki, bu ağrılara son qoyulacaq.
- Laçından çıxanda özünüzlə nə gətirə bilmişdiniz?
- Ordan gələndə heç nə gətirməmişdik, çünki elə bilirdik ki, yenidən qayıdacağıq, qapılarımızı qıfıllayıb çıxmışdıq. Bir dəfə uşaqlıq şəkillərimizi istədilər, dedim ki, biz Laçından çıxarkən heç nə götürməmişik axı. Nə biləydik ki, bir də 30 ildən sonra qayıda biləcəyik.
Laçından çıxanda 15 yaşım var idi, mən gəncliyimi Laçında yaşaya bilmədim. Təəssüf ki, o illəri heç kim qaytara bilməyəcəyək. Bütün bunlara baxmayaraq, indi özümü xoşbəxt hiss edirəm.
- Fədayə Laçın necə qarşıladı bu xəbəri?
- Bacımla hər gün danışıram, o da mənim kimi çox sevinir, gözümüzün yaşı ovcumuzdadır. İki bacı danışıb dərdləşirik, ən çox şəhidlərimizə və dünyasını dəyişmiş ağsaqqal və ziyalılarımıza yanırıq ki, bu günü görmədilər. Laçın işğal olunandan sonra sakinlərin hərəsi bir rayona səpələnmişdi. Ağsaqqal və ağbirçək analarımız Laçın deyə-deyə getdi.
- Ananız necədir?
- Şəkəri, qan təzyiqi və ürək problemi var. Bu yaxınlarda vəziyyəti çox ağır idi. Anama dedim ki, bir az da döz, qətiyyən burda gözümü yumum demə. Qoy gedək şipşirin qara torpağımıza və bax orda nə istəsən edərsən, orda bizi qoyub gedə bilərsən, amma hələlik bir az da döz. Təsəvvür edin ki, o sözümdən sonra anamda sanki canlanma oldu, xəstəlikləri azaldı.

Saytdakı materiallardan istifadə zamanı istinad mütləqdir!