Saray qəsəbəsində tanışlar arasında dava - TƏFƏRRÜAT

Baxış: 32


Abşeron rayonunda 1963-cü il təvəllüdlü Zamiq şəxsi münasibətlər zəminində tanışı Musaya (adlar şərti verilib – red.) xəsarət yetirib.

AzeriXalq.az Demokrat.az-a istinadla xəbər verir ki, hadisə bu ilin fevralın 10-da, saat 19 radələrində Saray qəsəbəsində yerləşən “Saray MTKU yaşayış kompleksinin yaxınlığında baş verib. Zamiq tanışları olan Elmarın yol vərəqəsi əsasında idarə etdiyi “İsuzu” markalı avtobusun salonunda Musa ilə mübahisə edib. Mübahisə zamanı onu döyərək xəsarətlər yetirib.

İstintaq orqanı tərəfindən Zamiqin barəsində Cinayət Məcəlləsinin 127.1-ci (zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Zamiq elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, Musa ilə tanışlığı olsa da, aralarında əvvəllər heç bir xoşagəlməz hadisə yaşanmayıb: “Musa övladım Samir ilə əvvəllər iş yoldaşı olub. Musanı həmin zamandan tanıyıram. Fevralın 10-da, günün birinci yarısında Bakı şəhərində olan zaman ailə üzvlərim mənə zəng etdi, bir nəfər naməlum şəxsin yaşadıqları ünvana gəlib və Samir ilə maraqlandığını dedi. Həmin şəxs bir neçə saat sonra təkrar yaşadığım ünvana gəldi, övladım ilə yenidən maraqlandı. Mənə bu barədə məlumat verildikdə, həmin şəxsin övladımın dostu olan Musa olduğunu təxmin etdim. Lakin sonradan həmin şəxsin Musa olduğu mənə dəqiq məlum oldu”.

Zamiq qeyd edib ki, həmin gün saat 17 radələrində tanımadığı bir mobil nömrədən ona zəng edən Musa onunla üzbəüz söhbət etmək istədiyini bildirib: “Daha sonra Musa məni Saray qəsəbəsinə dəvət etdi. Saat 19 radələrində tanışım Babək adlı şəxs ilə Saray qəsəbəsində yerləşən “Saray” MTK yaşayış kompleksinin yaxınlığına getdik. Həmin ünvanda yol kənarında dayanmış sərnişin avtobusunun içərisində tanışım Elmarı gördüm, avtobusun salonuna daxil oldum. Həmin zaman avtobusda Elmardan əlavə Musa və Vəli adlı şəxsin də olduğunu gördüm. Həmin zaman Musa mənimlə aqressiv danışaraq övladım Samirin özünün tanışı olan bir nəfər qadına 2500 manat borcu olduğunu, Samirin həmin borcu ödəməkdən yayındığını və həmin borcun 1500 manat hissəsini tez bir zamanda ödəməyimi tələb etdi. Məsələnin nə yerdə olduğunu aydınlaşdırmağa çalışan zaman Musa mənimlə yüksək səs tonu ilə danışdığı üçün əsəbiləşdim. Hislərimə hakim ola bilməyərək yumruq zərbəsi ilə Musanın sifət nahiyəsindən bir neçə dəfə vurdum. Sonra isə dizim ilə Musanın sifət nahiyəsindən bir dəfə də zərbə endirdib”.

Təqsirləndirilən şəxs deyib ki, bundan sonra Musa avtobusdan aşağı enib və bir qədər uzaqlaşıb: “Əsəbi olduğu üçün mübahisənin daha da böyüməməsi məqsədilə hadisə yerini tərk etdim. Zərərçəkmiş şəxslə barışmişam, törətdiyim əməldən peşmanam”.

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Musanın sözlərinə görə, təqsirləndirilən şəxsin oğlu Samirin tanışı Nəsibənin yanında bir müddət öncə onun barəsində həqiqətə uyğun olmayan məlumatlar yayıb: “Bu səbəbdən Samir ilə sonuncunun yaşadığı ünvanda görüşüb, bu barədə maraqlandım. Samir barəmdə heç kimə heç bir məlumat vermədiyini dedi. Bundan sonra Nəsibə kimi tanıdığım şəxs ilə Samiri üzləşdirməyə çalışsam da, Samir bundan imtina etdi”.

Zərərçəkmiş şəxsin sözlərinə görə, fevralın 10-da yaşadığı evdə olan zaman tanışı Elmar adlı şəxs onunla əlaqə saxlayıb və onu Saray qəsəbəsinə dəvət edib: “Bundan sonra Saray qəsəbəsində yerləşən Saray MTK-nin yaşayış kompleksinin yaxınlığına getdim. Həmin ünvanda Vəli adlı digər tanışımız idarə etdiyi sərnişin avtobusunu kənarda saxladı. Vəli ilə söhbət edən zaman oraya Elmar ilə Zaçiq də gəldi. Bundan sonra biz avtobusun salonuna daxil olduq. Orada təxminən 30 dəqiqə müddətində normal qaydada söhbət etdik. Həmin zaman avtobusda olan şəxslər Samirin mənim barəmdə doğru olmayan məlumatlar yaymasını müzakirə etdi və məsələyə aydınlıq gətirmək istədilər. Bir qədər sonra Zamiq anidən ayağa qalxaraq yumruq zərbəsi ilə sifət nahiyəmdən 3-4 zərbə endirdi. Mübahisənin daha ağır nəticələrə səbəb olmaması üçün avtobusdan aşağı endim və oranı tərk etdim”.

Zərərçəkmiş şəxsin sözlərinə görə, bundan sonra Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edib və hadisə barəsində məlumat verib.

Bu cinayət işinə Abşeron rayon Məhkəməsində baxılıb.

Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışmasının nəzərə alıb. Bu səbəbdən təqsirləndirilən şəxsin barəsində olan cinayət təqibinə xitam verib.

Saytdakı materiallardan istifadə zamanı istinad mütləqdir!