BNA-nın “vaxtı” bitdi - DİN səlahiyyəti ələ aldı

Baxış: 26

Prezident İlham Əliyevin “Bakı şəhərinin inzibati ərazisində nəqliyyat sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” 7 fevral tarixli fərmanına əsasən, Bakı Nəqliyyat Agentliyi Bakı Şəhər İcra Hakimiyyətinin, Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi isə Daxili İşlər Nazirliyinin tabeliyinə verilib. Fərmanın icrası üçün 3 ay vaxt müəyyən edilmişdi.
Artıq sözügedən fərmandan 3 ay ötüb və bir neçə gündür ki, DİN-nin tabeliyinə keçən Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi yollardakı sıxlıq barədə mütəmadi məlumat yaymağa başlayıb.
Ancaq BNA da vaxtilə NİİM-nin işini yalnız yollarda sıxlıq olması barədə xəbərlərlə məhdudlaşdırırdı və yaxud NİİM-in işinin ancaq bundan ibarət olduğu haqda yanlış bir “qənaəti” vardı ki, bu da sürücülərin ciddi narazılığına səbəb olurdu.
Bəs, DİN-nin tabeliyinə keçmiş qurum necə çalışacaq, tıxacların aradan qaldırılması üçün hansı işlər görəcək? Nəhayət, illərdən sonra Bakı sakinləri nəqliyyatın intellektual idarəetməsinin nə demək olduğunu öz həyatlarına görə biləcəklərmi?
Bununla bağlı Axar.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinin fəaliyyəti ilə bağlı bir neçə layihə nəzərdə tutulub:
“Yaxın zamanda Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinin fəaliyyəti ilə bağlı hansı tədbirlər görüldüyü və nələrin ediləcəyi barədə ictimaiyyətə geniş məlumata veriləcək. Ölkə rəhbərliyinin fərmanından irəli gələn məsələlərin həlli istiqamətində addımlar atılır. Əsas hədəf paytaxtda nəqliyyatın intellektual idarəetməsinin səmərəli şəkildə həyata keçirilməsidir”.

Saytdakı materiallardan istifadə zamanı istinad mütləqdir!