Reklam
Xəbər lenti











































Ən çox oxunanlar

Bakı Ağ Şəhər layihəsi 5 illiyini qeyd edir - FOTO

Ümummilli lider Heydər Əliyev müstəqilliyin bəxş etdiyi ilk fürsətdə Qara Şəhərin ölkəmizin cənnət guşələrindən birinə çevrilməsini prioritet məsələlərdən biri kimi müəyyənləşdirdi. 24 dekabr 2011-ci il tarixində Bakı Ağ Şəhərin təməli qoyuldu və bu gün Bakı Ağ Şəhər 5 illiyini yeni məhəllələrin ilk sakinlərə təhvilə tam hazırlığı ilə qeyd edir. Layihənin reallaşması zamanı prezident İlham Əliyevin müvafiq tapşırıq və tövsiyələri, həmçinin "Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər planı" da əsas götürüldü. 221 hektar ərazidə yenidənqurma işləri gündən günə vüsət aldı.

AzeriXalq.az xəbər verir ki, Bakı Ağ Şəhərdən Trend-ə verilən məlumata görə, müxtəlif memarlıq üslubları, ekoloji məsələləri və Ağ Şəhərin paytaxtın digər hissələri ilə qovuşmasını özündə birləşdirən layihənin reallaşması sırf peşəkarlara etibar edildildı. Yerli şirkətlərlə yanaşı Atkins, UN Studio, Foster and Partners, F+A Architects və digər dünya şöhrətli memarlıq qurumları bu layihəyə cəlb edildi. Bakı Ağ Şəhər layihəsi nəinki respublikamızda, eləcə də beynəlxalq səviyyədə tanınmış layihədir. Ötən illər ərzində layihə CityScape Global, MİPİM Asia və digər sərgilərdə "Ən Yaxşı Şəhərsalma Layihəsi" və digər nominasiyalarda birincilik qazanıb.

Fransanın sabiq prezidenti Nikola Sarkozinin Azərbaycana rəsmi səfəri çərçivəsində imzalanan müvafiq aziş əsasında Bakıda Fransız Liseyinin tikintisi məhz Bakı Ağ Şəhərdə başladı. 2014-cü ildə liseyin tikintisi ilə prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva və ölkədə rəsmi səfərdə olan Fransa Respublikasının prezidenti Fransua Olland tanış olublar. Müasir memarlıq üslubu və xüsusi təhsil şəraitinə malik liseydə 320 şagird təhsil ala bilər.

Böyük uğurla nəticələnmiş Bakı Ağ Şəhərin ilk landmarkı və giriş qapısı sayılan yüksək səviyyəli Bakı Ağ Şəhər Ofis Binası hələ layihələndirildiyi dövrdə beynəlxalq memarlıq aləmində geniş tanınmış "Asia-Pacific Property Awards - 2011", "Azeri Business Awards - 2011", "İlin Şirkəti - 2014" mükafatları ilə təltif edilmişdir. Ofis binasının açılışı prezident İlham Əliyevin və xanımı Mehriban Əliyevanın iştirakı ilə 2014-cü ildə baş tutdu. BREEAM beynəlxalq ekoloji sertifikata layiq görülmüş bu biznes mərkəzi Azərbaycanda ekoloji sertifikasiyadan keçmiş ilk binadır.

2015-ci ildə istismara verilən 110 min kilovoltluq "Ağ Şəhər-1" elektrik yarımstansiyası yaxınlıqda yerləşən "Liman" yarımstansiyası ilə birlikdə ətraf ərazilərin, eləcə də Bakı Ağ Şəhərin keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təchizatını təmin edir. Elektrik şəbəkəsi daxilində Yaşıl Ada kvartalında 3 ədəd yarımstansiya tikilib.

Nobel prospekti ilə paralel inşa olunmuş dənizkənarı yol da dövlət başçısının tapşırığına əsasən, Bakı Ağ Şəhərin ən müasir standartlara uyğun abadlaşdırılması və yeni görkəm alması istiqamətində görülən mühüm işlərin tərkib hissəsidir. Füsunkarlığı ilə diqqət çəkən Ağ Şəhər bulvarı Ağ Şəhərdən dənizə açılan mənzərəni daha da cazibədar edir. Uzunluğu 5 km olan bu məkan dünyanın diqqət mərkəzində olan Birinci Avropa Oyunları zamanı turistlərin ən çox üz tutduqları istirahət ocaqlarından biri oldu. Bakı Ağ Şəhərin ilk 5 ulduzlu Boulevard Hotel-i Absheron Hotel Group-a daxildir.

Layihənin icrası müddətində 700 min kub metr həcmində neft tullantıları ilə çirklənmiş böyük ərazi təmizlənərək şəhər təsərrüfatında istifadə üçün yararlı vəziyyətə gətirilib. Bakı Ağ Şəhəri-in 10 rayonundan 6-ı ekoloji baxımdan tamamilə təmizlənərək inşa edilir.

Ağ Şəhərin mərkəzində yeni Fəvvarələr Meydanı yerləşir. 7-mərtəbəli müasir üslublu yaşayış binaları, park, piyada keçidi və ictimai parkinqdən ibarət bu kvartalda tikinti işləri gedir. Nobel prospekti boyunca Fəvvarələr Meydanın landmarkı sayılan Şərq-Qərb ofis binaları yerləşəcək. Bu ofis binalarının mərkəzində yeni Central Plaza meydanı Hollandiyanın UN Studio memarlıq bürosu tərəfindən layihələndir. Bu ofis kompleksi həmçinin tikilməkdə olan Ağ Şəhər metro stansiyasının çıxışlarından birini də özündə cəmləşdirir.

Ümumi sahəsi 24 hektar olan Park rayonunda da tikinti davam edir. Burada 20-mərtəbəli hündür yaşayış binaları tikilir. Sahənin relyefinə uyğun olaraq amfiteatr üslubunda olan Park rayonundan Dənizkənarı bulvara və Bayraq Meydanına gözəl mənzərə açılır. Binaların üstünlükləri sırasına şəhərin ən iri parklarından olan Nizami parkı ilə qonşuluq da daxildir.

Ağ Şəhərin lüks səviyyəli Knightsbridge (Naytsbric) yaşayış kompleksi də Park rayonunda inşa edilir. London şəhərinin eyni adlı eksklüziv yaşayış kvartalını təkrarlayan Knighstbridge kompleksi vaxtını və komfortunu dəyərləndirənlər üçün layihələndirilib. 5 yaşayış binası, biznes mərkəzi və məktəbdən ibarət kompleksdə yaşıl zonalar da nəzərdə tutulub. Mənzillərin pəncərələrindən Nizami parkına və Fəvvarələr Meydanına mənzərə açılacaqdır. 6-7 mərtəbədən ibarət yaşayış binalarında geniş abad həyət və yeraltı parkinq də nəzərdə tutulub.

Bakı Metropoliteninin yeni stansiyalarının 3-ü Ağ Şəhər ərazisində salınır. Bu stansiya metronun yaşıl xəttini genişləndirəcəkdir. Hazırda Neft Emalı Zavodunun qarşısında Y-15 stansiyasında tunel qazma maşınları üçün start kamerası hazırlanır. Yaşıl xəttə əlavə olunan stansiyalar bu xətti dairəvi edəcəkdir.

"Fransız məhəlləsi" adı ilə tanınmış Yaşıl Ada rayonunda abadlıq-quruculuq və yaşıllaşdırma işləri tamamlanmışdır. Burada layihələndirilmiş Paris evlərinin tikintisi, habelə yol və kommunikasiya infrastrukturlarının inşası başa çatmış və dövlət qurumları tərəfindən qəbul olunmuşdur. Qeyd olunan rayonun "Sahil 14" və "SETA MTK" yaşayış kompleksləri arasında Ağ Şəhərin ilk skveri salınıb. Uzunluğu 85 m, eni 23 m olan skver rayonun unikal memarlıq üslubunu tamamlayır. Avtonəqliyyət vasitələrindən azad ərazidə sakinlərin komfortu və istirahəti üçün işıqlandırma, yaşıllaşdırma, velosiped dayanacaqları, küçə mebeli ilə təmin olunub. Bakı Ağ Şəhər layihəsinin müraciəti ilə Təhsil Nazirliyi tərəfindən 5 nömrəli Bakı Peşə Liseyində açılmış Bağban-Dekorator ixtisası üzrə təhsil alan tələbələr də artıq bu ərazidə təcrübə alırlar.

Yaşıl Ada rayonu çərçivəsində əsaslı şəkildə yenidən qurulan Xaqani Rüstəmov küçəsi ilə Nobel prospektinin kəsişməsində "Azəravtoyol" ASC tərəfindən yeni yeraltı piyada keçidinin tikinti işləri başa çatıb. Yeraltı piyada keçidinin 4 çıxışı var. Keçidin uzunluğu 280 metr, qalereyasının eni 8 metr, hündürlüyü isə 3,2 metrdir. Keçidlərdə 8 ədəd eskalator mövcuddur. Beləliklə, Ağ Şəhərin simvoluna çevrilmiş Bakı Ağ Şəhər Ofis Binasının qarşısından birbaşa olaraq şəhərlilərin sevimli gəzinti məkanı olan Ağ Şəhər Bulvarına və əksinə təhlükəsiz keçid təmin edildi. Ağ Şəhər layihəsi üzrə Xəqani Rüstəmov və Süleyman Vəzirov küçələri də daxil olmaqla ümumi uzunluğu 22.3 km, eni isə 16 m-dən 47 m-ə kimi dəyişən 63 çoxsaylı kəsişən yolların təmiri və asfaltlanması keçirilmişdir. Bakının iki əsas prospektini - Babək və Nobel prospektlərini birləşdirən Xəqani Rüstəmov küçəsi 3 gediş və 3 gəliş olmaqla 6 hərəkət zolağından ibarətdir.

Bu gün Bakı Ağ Şəhər layihəsi Azərbaycanda investisiyalar üçün yaradılan əlverişli biznes mühitinin, sahibkarlığın inkişafına dövlətin hərtərəfli dəstəyinin və insan amilinin əsas meyar olmasının əyani təcəssümüdür. İdeyanın möhtəşəmliyi və görülmüş işlərin peşəkarlığı Bakının müasir şəhərsalmanın ən son tendensiyalarına inteqrasiyasını təmin edir. Bu layihənin reallaşdırılması Qara Şəhərin sənaye simasını keçmişdə qoyaraq Bakı Ağ Şəhər layihəsini dünyanın qabaqcıl şəhərsalma layihələri səviyyəsinə çıxarmışdır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:




           Tarix: 24-12-2016 10:44   

Redaktor seçimi

























Video səhifəmiz

Fotosesiya